• Dünya Bankı Cavid Qurbanova görə
Dünya Bankı Cavid Qurbanova görə - “Bombardier”ə sanksiya tətbiq etdi, FOTO

2017-ci ildə Azərbaycan Dəmir Yolları QSC-nin adı Kanadanın “Bombardier” şirkəti ilə böyük məbləğdə korrupsiya faktı ilə bağlı bir arada çəkildi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan həmin şirkətdən 19 milyon dollarlıq avadanlığı 104,8 milyon dollara alıb.

“Posta.az” xəbər verir ki, etibarlı mənbələrdən verilən məlumata görə, bir neçə il öncə İsveçdən Azərbaycana qatarlar üçün siqnal avadanlığı almaq lazım olur. İsveç şirkəti (Bombardier Sweden) onu 19 milyon dollara satdığı halda, Azərbaycan məmurları onu birbaşa almaq əvəzinə Londonda olmayan bir şirkət yaradırlar. Bu şirkət İsveçdən onu 19 milyona alıb 4 ay sonra eyni avadanlığı Azərbaycana 104.8 milyon dollara satıb. 5.5 dəfə baha!

Özü də deyilənə görə, avadanlıq heç vaxt Londona gedib çıxmayıb, elə birbaşa Azərbaycana gətirilib.
İsveç hökuməti bu biabrçı hadisənin ardından artıq öz nümayəndəsini həbs edib, araşdırmalar aparılır. İsveçin korrupsiyaya qarşı prokuroru Thomas Forsberg Azərbaycan məmurlarına rüşvət sxemində iştirak etdiyinə görə “Bombardier Sweden” şirkətinin nümayəndəsini həbs etdirdiyi fotonu təqdim edirik:

Məsələnin bu günlərdə yenidən gündəmə gəlməsinə səbəb isə Dünya Bankının bu məsələyə, daha dəqiq desək, Azərbaycan Dəmir Yolları QSC-yə görə “Bombardier” şirkətinə Azərbaycan rəsmilərilə korrupsiya əlaqəsinə görə sanksiya tətbiq etməsidir. Bu barədə Kanadanın nüfuzlu “The Globe and Mail” qəzeti yazıb. Qəzetdə gedən mətndən bir hissəni sizə təqdim edirik:

"Dünya Bankı Azərbaycan Dəmir Yollarına 450 milyon dollar kredit verib. Azərbaycan tərəfi Kanada şirkətinin İsveç filialında satış direktoru olan Rusiya vətəndaşının vasitəsilə şirkətlə cinayətkar əlaqəyə girib. “Bombardier” şirkətindən alınan avadanlıqların qiymətini süni şəkildə qaldırıblar".

Sonda qeyd edək ki, məsələ ilə bağlı ölkədə hər hansı araşdırma başladılmayıb. Azərbaycan Dəmir Yolları QSC-nin sözcüsü Sevinc Qədirova bildirib ki, qurum iddialar əsasında hər hansı şərh vermək iqtidarında deyil:
““Bombardier” şirkəti ilə əlaqədar “The Globe and Mail” qəzetində dərc edilmiş məqalədə istinad və iddia olunan Dünya Bankının Şəffaflıq üzrə Vitse-prezidenti ofisinin audit nəticələri barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində məlumat yoxdur, bu səbəbdən Səhmdar Cəmiyyət rəsmi qaydada daxil olmamış sənədə dair iddialar əsasında hər hansı şərh vermək iqtidarında deyildir. Odur ki, məsələ ilə bağlı məlumat əldə etmək üçün aidiyyəti üzrə Dünya Bankının Şəffaflıq üzrə Vitse-prezidentinin ofisinə müraciət olunması tövsiyyə edilir”.

14 May 17:25 \\ Siyasət